Zərərli kod nədir?
Zərərli kod (zərərli proqram təminatı) kompüter sistemlərinə zərər vurmaq, məlumatları oğurlamaq və ya resurslara icazəsiz giriş əldə etmək məqsədilə yaradılan proqram təminatıdır. Texnologiyaların inkişafı və internetə qoşulan cihazların sayının artması ilə zərərli proqram təminatından gələn təhdidlər daha aktual hala gəlir. Bu məqalədə zərərli kodun əsas növləri, onun təhlükələri və ondan qorunma yollarını nəzərdən keçirəcəyik.
Hakerlər zərərli kodlardan istifadə edərək, sistemləri həmin kod ilə yoluxdurmaq, izləmək, məxfi məlumatları əldə etmək və sistemə dərin daxil olmaq kimi məqsədlər güdə bilərlər. Əvvəlcə hakerlər sistemdə zəif yerləri axtarır və sonra bu zəiflik üçün xüsusi kod yazırlar.
Zərərli kod hansı təhlükələr yarada bilər?
- Məlumat oğurluğu: Zərərli proqram təminatı şəxsi məlumatlar, maliyyə məlumatları və korporativ sirrləri də daxil olmaqla məxfi məlumatları oğurlaya bilər.
- Maliyyə itkiləri: Hakerlər zərərli proqram təminatını bank hesablarından pul oğurlamaq, icazəsiz əməliyyatlar aparmaq və ya pul tələb etmək üçün istifadə edə bilərlər.
- Sistemin işinin pozulması: Zərərli proqram təminatı kompüter sistemlərinin işini yavaşlada və ya tamamilə paralizə edə bilər ki, bu da iş proseslərinin dayanmasına və zərərlərə səbəb olur.
- Məlumat itkisi: Viruslar və şantaj proqramları məlumatları məhv edə və ya şifrələyə bilər ki, bu da onların itirilməsinə səbəb olur.
Bu nəticələr bir neçə növ zərərli koddan meydana gəlir. Gəlin onları nəzərdən keçirək:
- Viruslar: Viruslar digər proqram və ya fayllara daxil olub, onlarla birlikdə icra olunur. Onlar məlumatları məhv edə, sistemin işini yavaşlada və ya hakerlərin yoluxmuş cihazlara girişini təmin edə bilərlər. Aktivləşdikdən sonra özü çoxalır və sistem daxilində yayılır.
- Computer worm: BU kod növü şəbəkələr vasitəsilə yayılır və əməliyyat sistemləri və proqram təminatındakı zəifliklərdən istifadə edirlər. Viruslardan fərqli olaraq, "wormlar" yoluxmuş faylın icra olunmasına ehtiyac duymur və müstəqil şəkildə şəbəkə daxilində yayıla bilər.
- Troyan proqramları (troyanlar): Troyan proqramları qanuni proqramlar kimi maskalanır, lakin onlar məlumat oğurluğu, kompüterin uzaqdan idarə olunması və ya digər zərərli proqramların quraşdırılması kimi zərərli hərəkətlər həyata keçirir.
- Backdoor: Backdor kompüter sistemlərində və ya şəbəkələrdə standart autentifikasiya prosedurlarını keçmək üçün istifadə olunan metoddur. Bu, icazəsiz giriş təmin edərək, istifadəçinin xəbəri olmadan sistemi idarə etməyə imkan verir. Backdorlar məqsədli olaraq inkişaf etdiricilər tərəfindən texniki dəstək üçün yerləşdirilə bilər və ya zərərli proqramlar tərəfindən quraşdırıla bilər.
Zərərli proqram təminatının növləri və məqsədləri haqqında daha ətraflı məlumat əldə etdikdən sonra, belə təhlükələrdən qorunmaq üçün qorunma metodlarını bilmək vacibdir.
- Antivirus proqram təminatı quraşdırmaq: Antivirus proqramları zərərli kodu skan edib silir.
- Tanımadığınız şəxslərdən gələn linklərə və ya mesajlara diqqətlə yanaşmaq.
- Ehtiyat nüsxələrin yaradılması: Hər hansı bir halda məlumatları qorumaq üçün ehtiyat nüsxələr yaradılsın(rezerv kopyalanması).
- Proqram təminatını yeniləmək: Əməliyyat sistemlərində və tətbiqlərdə olan zəifliklər zərərli proqram təminatının yayılması üçün tez-tez istifadə olunur. Proqram təminatının müntəzəm yenilənməsi bu zəiflikləri aradan qaldırmağa kömək edir.
- Firewall-lar: Firewall-lar şəbəkə trafiki idarə edir və şübhəli əlaqələri bloklayaraq zərərli proqram təminatının nüfuz etməsinin qarşısını alır.
Şəbəkədə məlumatlı olmaqla, biz xoşagəlməz halların qarşısını ala və özümüzü qoruyaraq, təhlükəsizliyimizi təmin edə bilərik.