Blog

“Əşyaların interneti” və onun tətbiqi

“Əşyaların interneti” və onun tətbiqi

Texnologiyanın inkişafı ilə müasir dünyada həyatımız əhəmiyyətli dərəcədə dəyişir. Bu irəliləyiş nəticəsində informasiya texnologiyaları sahəsində "Əşyaların İnterneti" (İoT-Internet of Things) anlayışı meydana çıxdı. Gəlin bu məqalədə bu anlayışın nə olduğunu araşdıraq.

Əşyaların İnterneti (İoT-internet of things) müxtəlif obyektlərin internet vasitəsilə insan müdaxiləsi olmadan funksiyalarını yerinə yetirən bir sistemdir. Bu konsepsiyadan bəhs edərkən biz yalnız telefonlar, kompüterlər kimi cihazları deyil, həm də məişət texnikası, fiziki cihazlar, nəqliyyat vasitələri və s. nəzərdə tuturuq. Bu konsepsiyanı daha ətraflı araşdıraq.

İoT-nin necə işlədiyini anlamaq üçün onun komponentlərinə nəzər salmaq lazımdır:

  1. Cihazlar və sensorlar - obyektlər məlumat toplamaq üçün müxtəlif sensorlarla təchiz edilir. Bu, kameralar, GPS və ya ətraf mühit haqqında məlumat toplamaq üçün digər sensorlar ola bilər. Bu məlumatlara rütubət, temperatur, hərəkət və digər elementlər daxil ola bilər.

  2. Əlaqə vasitələri - əlaqə vasitəsi olaraq həm simsiz (Wi-Fi, Bluetooth, 5G), həm də simli (Ethernet kimi) şəbəkələr istifadə edilə bilər. Cihazın tətbiq sahəsindən asılı olaraq, hansı əlaqə vasitələrinin istifadə ediləcəyi müəyyən edilir.

  3. Bulud platformaları və serverlər - IoT cihazlarından alınan böyük həcmdə məlumatların saxlanması və işlənməsi üçün bulud hesablama texnologiyaları istifadə olunur. Bu sistemlər məlumatları işləyir, analiz edir və nəticələri hesabatlar və ya icra mexanizmləri üçün komandalar şəklində təqdim edir.

  4. Proqram təminatı və tətbiqlər (interfeys) - istifadəçilərə IoT cihazları ilə qarşılıqlı əlaqə qurmaq, onların vəziyyətini izləmək və onları uzaqdan idarə etmək üçün mobil tətbiqlər və ya veb interfeyslər vasitəsilə imkan verir.

İoT-nin əsas komponentlərini nəzərdən keçirdikdə müəyyən bir proses ortaya çıxır: IoT sistemi sensorlar və cihazları özündə birləşdirir və bu cihazlar bulud vasitəsilə əlaqə qurur. Məlumatlar buluda ötürüldükdə, proqram təminatı vasitəsilə işlənir. Məlumatların analizi əsasında sensorların və cihazların tənzimlənməsi və ya istifadəçilərə bildirişlərin göndərilməsi kimi müəyyən tədbirlərin görülməsinə qərar verilir.

İoT-nin tətbiq sahəsi olduqca genişdir. Məsələn, ağıllı evlərdə məişət texnikası müxtəlif tapşırıqları avtomatlaşdırmaq üçün istifadə olunur və adətən uzaqdan idarə edilir. Ağıllı evin tərkibinə daxil olan IoT cihazlarına simsiz mətbəx avadanlıqları, əhval-ruhiyyəyə uyğunlaşan musiqi sistemləri, ağıllı işıqlandırma sistemləri, elektrikli jalüzlər, avtomatik pəncərələr və qapılar, ağıllı kommunal sayğaclar və digər cihazlar daxildir. IoT tətbiq sahəsinə həmçinin fitness saatları və onların sensorları daxildir. Son vaxtlar populyarlıq qazanan pilotsuz “ağıllı” avtomobillər də bu kateqoriyaya daxildir, bu avtomobillər IoT sistemləri və internet vasitəsilə maşın, yol və hərəkət haqqında məlumat toplayır və onu analiz edir.

İoT-nin üstünlükləri və mənfi cəhətlərini qeyd etmək lazımdır. Prosesi avtomatlaşdırmaqla xərclərin azaldılması və məhsuldarlığın artırılması, istifadəçilər üçün rahatlıq və təhlükəsizliyin təmin edilməsi, resursların istifadəsinin azaldılması və ətraf mühitə mənfi təsirin azaldılması, texnoloji inkişafı dəstəkləyən yeni məhsul və xidmətlərin yaradılması kimi üstünlüklər var. Bununla yanaşı, mənfi cəhətlərə kibertəhlükələrə məruz qalma, bu da məlumatlara və ya cihazların idarə edilməsinə icazəsiz girişə səbəb ola bilər. Bir çox IoT cihazlarının kifayət qədər məlumat qorumasına malik olmaması onları hakerlər üçün cəlbedici hədəf edir. IoT cihazlarının quraşdırılması və tənzimlənməsi əhəmiyyətli maliyyə vəsaitləri tələb edə bilər və iş yerlərinin sayının azalması kimi mənfi cəhətlər də var.

Nəticə olaraq, bu konsepsiya getdikcə daha da inkişaf edir və gələcəkdə rahat yaşamağımız üçün şərait yaradır, IoT genişlənəcək və müxtəlif sahələrdə tətbiqini tapacaq.

Müəllif haqqında

Gülər Rəhimli

Son postlar

Yeniliklərdən və təkliflərdən ilk siz xəbər tutun